16.04.2021 16:44
Xəstəxanadakı sevinci ilə məşhurlaşan qazi əlillik təyinatından narazıdır
Şuşanın zəfər xəbərini müalicə aldığı xəstəxananın pəncərəsindən alqışlaması ilə məşhurlaşan Vətən müharibəsi qazisi Sahil Həsənli ona təyin olunan ikinci dərəcəli əlillikdən narazıdır. Bir qolu amputasiya olunan, aldığı zədələrdən gözünü itirmək üzrə olan qazi bu təyinatın adekvat olmadığını düşünür.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya danışan S. Həsənli iddia edib ki, əslində müharibədə aldığı zədələr sənədlərində qeyd olunandan daha artıqdır:
“Oktyabrın 20-də minomyot mərmisindən yaralanıb Füzulidə xəstəxanaya yerləşdirilmişəm. Orada qarışıqlıq olduğundan ancaq itirdiyim qoluma və yanan hissələrimə baxılıb. Həmçinin Ağcabədidə və Bakıda hərbi hospitalda da eyni vəziyyətlə üzləşmişəm. Sonra məni Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanaya köçürüblər. Zərbədən sağ qulağım partlamışdı, onun müalicəsi getməyib. Bədənimin sağ tərəfi aşağıya qədər yanıb. Ona müalicə aldığım xəstəxanalarda yüngül yanıq yazıblar. Qarın boşluğum partlamışdı, bağırsağım çölə çıxmışdı. Ona görə mənə yüngül yaralanma yazılıb. Aldığım zərbənin təsirindən hazırda sol gözüm zəifləyib, tor yaranıb. Gözümü itirmək üzrəyəm. Həkimlər deyirlər ki, bundan sonra həmin gözüm maket kimi qalacaq, həmçinin, getdikcə sağ gözümü də sıradan çıxaracaq. Müalicə olunsam bərpa olunar, amma ona da imkanım yoxdur. Bütün sənədlərin hamısını toplayıb Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə vermişəm. Mənə ikinci qrup əlillik təyin olunub. Səbəbini soruşanda deyirlər ki, kağızlarda gözünün, qulağının zədə alması qeyd olunmayıb. Həkimlər xəstəliklərini qeyd etsəydi, birinci qrup düşərdi”.
30 yaşlı qazi Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. O deyir ki, müharibəyə gedənə qədər Nardaranda yerləşən hotellərin birində qaynaqçı işləyərək ailəsini dolandırıb. Hazırda isə ona əlavələrlə birgə təyin olunan 480 manat pensiya ilə 3 uşaqla kirayədə çox çətinliklə dolanır:
“Mən müharibənin içindən çıxıb gəlmişəm, heç ölümdən də qorxmuram. Amma balalarımı fikirləşirəm, axı onlar yaşamalıdırlar. Hətta üçüncü uşağım olacaqdı deyə döyüşə aparmırdılar, çətinliklə razılıq alıb döyüşə getmişəm. İstəyirəm uşaqlarım rahat böyüsün. Doğrudur, “YAŞAT” Fondu 1 illik kirayəmi - 2500 manatı bağlayıb. Amma kommunal ödənişlər var. Qış vaxtı 130-150 manat kommunal xidmət haqqı ödəyirdim. H.Z.Tağıyev qəsəbəsinin əhalisi uşaqlarımın geyimlərinə, yeməyimizə kömək edib. İndiyə qədər işlə təmin olunmamışam. Mənə düşən heç bir imtiyazdan istifadə edə bilməmişəm. Hətta əlillik təyinatının altında avtomobil təminatı ilə bağlı qeyd hissəsini də çıxarıblar”.
Qazinin sözlərinə görə, sözügedən bu problemlə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etsə də, məsələ həll edilməyib.
Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Oradan bildirildi ki, Sahil Həsənliyə Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən şəhadətnamədə diaqnoz yalnız “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü” kimi qeyd edilib.
Qazimizin sadaladığı digər problemlər hərbi səbəblə əlaqədar əlillik təyinatı üçün əsas sənəd hesab edilən Hərbi Həkim Komissiyasının şəhadətnaməsində ümumiyyətlə göstərilməyib: “Şəhadətnamədə qeyd edilən diaqnoz, yəni, sağ bazunun yuxarı 1/3-nin amputasiyası, qanunvericiliyə əsasən Sahil Həsənliyə II dərəcə (müddətsiz) əlillik təyinatına əsas verir. Qanunvericiliyə əsasən, Vətən müharibəsində xəsarət almış qazimizə əlillik (mülki yox) məhz hərbi səbəblərlə, daha doğrusu, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilir. Bu kateqoriyadan olan əlilliyi olan şəxslərin xüsusi imtiyaz və güzəştləri var və onların hər biri dərəcəsindən asılı olmayaraq həmin imtiyazlardan yararlanacaq”.
TƏBİB-dən isə saytımıza bildirilib ki, qaziyə Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanada yatdığı müddətdə xidmət göstərilib və yanıq xəsarətləri ilə bağlı xəstəxananın epiqrizində qeyd edilib. Həmin epiqriz Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hospitalının poliklinikasına göndərilib. Bu məsələ ilə bağlı hospitalın poliklinika şöbəsinə müraciət olunmalıdır.
Müdafiə Nazirliyindən isə məsələ ilə bağlı cavab almaq mümkün olmayıb.
Xəbər 4088 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|